Türkiyə Super Liqasında mübarizə aparan “Fatih Karagümrük” komandasının baş məşqçisi Şota Arveladze istefa verib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
51 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Son olaraq səfərdə “Trabzonspor”a 1:5 hesabıyla məğlub olduqdan sonra Arveladze postundan ayrıldığını bəyan edib.
Şota Arveladze 2023-cü ilin dekabr ayından “Fatih Karagümrük”də baş məşqçi idi. Gürcü mütəxəssis bu komandanı cəmi 17 oyuna çıxarıb. Bu görüşlərdə 6 qələbə qazanmış İstanbul təmsilçisi 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.
Arverladze daha əvvəl Super Liqada “Trabzonspor”, “Kasımpaşa” və “Kayserispor”u da çalışdırıb. O, “Paxtakor” (Daşkənd), “Makkabi” (Təl-Əviv) və “Hall Siti” komandalarının da baş məşqçisi olub.
“Fatih Karagümrük”ün yeni baş məşqçisinin də adına aydınlıq gəlib. Sözügedən komandanı bundan sonra yerli mütəxəssis Tolunay Kafkas çalışdıracaq. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Tolunay Kafkas 2023-cü ilin okyabr ayından işsiz idi. 55 yaşlı mütəxəssisin sonuncu iş yeri “Ankaragücü” olub. O, karyerası ərzində “Akhisarspor”, “Kayserispor”, “Karabükspor”, “Trabzonspor”, “Qaziantepspor” klublarında da baş məşqçi kimi çalışıb, həmçinin Türkiyənin U-21 yığmasına başçılıq edib.
Xatırladaq ki, “Fatih Karagümrük” Türkiyə Super Liqasının 2023/2024 mövsümündə geridə qalmış 29 turdan sonra 29 xalla 17-ci pillədə qərarlaşıb. Komanda elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.


