Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın üç legioneri müxtəlif milli komandaların heyətinə dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Erik Sorqa Estoniya, İsa Suliman Pakistan, Kazimir Ninqa isə Çad yığmasına cəlb edilib.
Erik Sorqanın Estoniya millisinin heyətində oktyabrın 13-də AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı çıxış etmək şansına malik olduğunu xəbər vermişdik.
Erik Sorqa 2019-cu ilin iyun ayında debüt etdiyi Estoniya yığmasında 27 oyuna 4 qol vurub. O, bu ilin iyul ayından “Sumqayıt”ın uğurları üçün çalışır. 24 yaşlı forvard bu komandada 6 oyuna çıxıb, 1 qol vurub. Sorqa “Flora”, “DS Yunayted”, “Loudoun Yunayted”, “Venlo”, “Göteborq”, “Lokomotiv” (Plovdiv) kimi klubların da şərəfini qoruyub.
İsa Suliman İngiltərənin U-16, U-17, U-18, U-19, U-20 yığmalarında oynasa da, 2023-cü ilin iyun ayından Pakistanın əsas milli komandasına cəlb olunur. O, Pakistan yığmasında 3 oyun keçirib. 25 yaşlı müdafiəçi bu ilin iyul ayında “Sumqayıt”la 2 illik müqavilə imzalayıb. Suliman Azərbaycan klubunun heyətində 7 oyuna 1 qol vurub. “Aston Villa”nın yetirməsi olan futbolçu karyerası ərzində İngiltərənin “Çeltnem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankense” və “Vitoriya” (Gimaraynş) klublarında çıxış edib.
Kazimir Ninqa isə 2011-ci ildən formasını geyindiyi Çad yığmasında 18 oyun keçirib, 5 qol vurub. 30 yaşlı hücumçu sentyabrda 1 illik müqavilə bağladığı “Sumqayıt”ın heyətində 4 oyun keçirsə də, fərqlənə bilməyib. O, karyerası ərzində “Monpelye”, “Kan”, “Anje” (hamısı Fransa), “Sivasspor” (Türkiyə) və “Anortosis” (Kipr) klublarında çıxış edib.


