Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” doğma meydanda “Kayserispor”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun Hatay təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Komandasının yeganə qolunu 90 dəqiqə meydanda olmuş Renat vurub. O, penaltini dəqiq yerinə yetirməklə Türkiyə çempionatında 3-cü qoluna imza atıb.
Günün digər oyunu “Kasımpaşa” ilə “İstanbulspor” komandaları arasında keçirilib. Dörd qolluq bu qarşılaşmada isə meydan sahibləri inamlı hesabla qələbə qazanıblar.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
Türkiyə, Super Liqa
10-cu tur
27 oktyabr
Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.
Kasımpaşa – İstanbulspor 3:1
Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.
28 oktyabr
17:00. Alanyaspor – Sivasspor
20:00. Adana Dəmirspor – Konyaspor
20:00. Rizəspor – Qalatasaray
29 oktyabr
17:00. Fatih Karagümrük – Trabzonspor
20:00. Ankaragücü – Samsunspor
20:00. Antalyaspor – Başakşəhər
20:00. Pendikspor – Fənərbaxça
30 oktyabr
21:00. Beşiktaş – Qaziantep


