Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ikinci komanda müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün ölkə çempionatının 34-cü turu çərçivəsində “Qaziantep”lə səfər oyununda xal itkisi ilə üzləşən “Göztəpə” elita ilə vidalaşmalı olub.
Matçın ilk yarısı qolsuz başa çatıb. İkinci hissənin də qolsuz başa çatacağı düşünülərkən “Göztəpə” 90+4-cü dəqiqədə Adis Yahoviçin vurduğu qolla hesabı açıb. Hakimlər hətta VAR-a da müraciət etdikdən sonra qolu hesaba alıblar. Lakin qonaq futbolçular feyr-pley nümunəsi göstərərək meydan sahiblərinin hesabı bərabərləşdirməsinə imkan yaradıblar. Nəticədə Joao Fiqeyredo bərabərlik qoluna imza atıb. 90+9-cu dəqiqədə qazianteplilər penalti də qazanıb. Amma meydan sahibləri bu şansdan yararlana bilməyiblər. Beləcə, qarşılaşma 1:1 hesablı heç-heçə bitib.
Bu nəticənin ardından “Qaziantep” 42 xalla 14-cü pillədə qərarlaşıb. “Göztəpə” isə 28 xalla 19-cu pillədə qalıb. Bu isə İzmir təmsilçisinin mövsümün sonuna 4 tur qalmış elitanı tərk etməsinin rəsmiləşməsinə səbəb olub. Çünki qalan dörd turda bu komandanın 16-cı pilləyə yüksəlməsi mümkün olmayacaq.
Xatırladaq ki, daha öncə “Yeni Malatyaspor”un Super Liqanı tərk etməsi rəsmiləşmişdi. Hazırda elitanı tərk etməyə digər iki əsas namizəd 30 xala malik “Altay” və “Rizəspor”dur. 16-cı pillədəki “Girəsunspor”un isə 40 xalı var.


