Tanquy Kulibali azad agent kimi Fransa klubuna keçdi

Almaniyanın “Ştutqart” klubunun keçmiş sağ cinah vingeri Tanquy Kulibali aylar sonra özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu bundan sonra Fransanın “Monpelye” klubunun uğurları üçün çalışacaq.

Bu barədə Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Yaydan bəri işsiz olan və azad agent statusuna malik vingerlə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqavilə imzalanıb. Gənc yarımmüdafiəçi yeni komandasında 70 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Tanquy Kulibali PSJ-nin yetirməsidir. Lakin o, 2019-cu ildə Paris klubundan ayrılaraq Almaniyaya üz tutub və “Ştutqart”la müqavilə bağlayıb. Peşəkar karyerasına da Bundesliqa təmsilçisində başlamış Kulibali Almaniya klubunun əsas komandasında 74 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.