Ten Haq De Xeanın MY-dən ayrılmasına münasibət bildirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq ispan qapıçı David de Xeanın komandadan ayrılmasına münasibətini bildirib.

Arena.az “Goal.com” portalına istinadən Ten Haqın bu xüsusda fikrini diqqətinizə çatdırır:

“Mançester Yunayted”də ən azı bir oyun səviyyəsinə çatmaq üçün yüksək bacarıq və xarakter lazımdır. 12 il ərzində 545 oyunda oynamaq xüsusi nailiyyətdir, xüsusən də hər oyunun səni diqqət mərkəzində saxladığı qapıçı mövqeyində.

Həm azarkeşlərdən, həm də komanda yoldaşlarından – hər ikisindən dörd dəfə “İlin oyunçusu” mükafatını alması onun oyun səviyyəsini göstərir. David həmişə klub tarixinin ən yaxşı qapıçılarından biri kimi xatırlanacaq.

Mən ona keçən mövsüm 25 “quru” oyuna görə və klubda çalışdığım ilk mövsümümdə komanda oyununa verdiyi ümumi töhfəyə görə şəxsən təşəkkür edirəm. Bütün oyunçular və heyət ona görkəmli karyerasının növbəti mərhələsi üçün ən xoş arzularını çatdırırlar”, deyə Erik ten Haq bildirib.

Xatırladaq ki, David de Xea “Mançester Yunayted”də hətta məvacibinin azalması müqabilində belə, qalmaq istəsə də, sonda hadisələrin məlum gedişi ilə klubu azad agant qismində tərk etməli olub.

De Xea “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 545 oyuna çıxıb, 590 qol “yeyib”, 190 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı David De Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: