Tomas Müller gələcəyi haqda: “Mən təkliflərə açığam”

Məlum olduğu kimi, “Bayern”in 35 yaşlı alman veteran hücumçusu Tomas Müller cari mövsümün sonunda Münhen klubundan ayrılacaq.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, Müller sonrakı gələcəyi ilə bağlı açıqlama verib:

“Mən hələ bilmirəm. Hələ ortada müəyyən bir xüsus da yoxdur, amma əlbəttə, mənim fikirlərim artıq var. Düşünürəm ki, yaxın bir neçə həftədə biz daha çox məlumat əldə edəcəyik. Qarşıda hələ klublararası dünya çempionatı da var. Əlbəttə, mən ABŞ seçimini də nəzərdən keçirirəm.

Mənim müəyyən bir strategiyam yoxdur. Mən heç vaxt bir plan üzərində köklənmiş biri olmamışam. Mən təkliflərə açığam”, deyə Müller vurğulayıb.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 43 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 750 oyun, 248 qol, 274 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-2014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: