Tomas Müller İker Kasilyasa çatdı – Çempionlar Liqasında

UEFA Çempionlar Liqasının “Kopenhagen”lə səfər oyunu “Bayern”in alman hücumçusu Tomas Müller üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “Bayern” oktyabrın 3-də Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Kopenhagen”ə 2:1 hesabıyla qalib gəlib.

Münhenlilərin hücumçusu Müller 77-ci dəqiqədə əvəzetmə ilə meydana daxil olaraq Çempionlar Liqasında 101-ci dəfə qələbə sevinci yaşayıb. Alman hücumçu bu göstəricidə “Real”ın keçmiş qapıçısı İker Kasilyasa çatıb.

Çempionlaq Liqasında qazanılmış qələbələrin sayına görə hazırda mütləq rekord “Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldoya məxsusdur – 115 qələbə.

Müllerin formasını geyindiyi “Bayern” də özünə məxsus iki rekordunu yeniləyib. Münhenlilər qrupda ardıcıl 15-ci qələbəyə imza atmaqla yanaşı, məğlubiyyətsizlik seriyasını 36 matça (33 qələbə, 3 heç-heçə) çatdırıb.

Xatırladaq ki, Müller 2009-cu ilin iyulundan “Bayern”də çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə alman hücumçu “Bayern”in heyətində 7 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

Veteran hücumçunun zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 123 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı veteran Tomas Mülleri 12 milyon avro məbləğində qiymətləndirir.