“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Super Kubokunda “Leypsiq”ə qarşı keçirdikləri oyunda sarsıdıcı məğlubiyyəti şərh edib.
Arena.az xəbər verir ki, 49 yaşlı alman mütəxəssis 0:3 hesabıyla uduzduqları matçdan sonra bunları dilə gətirib:
“Biz çaşdıq – niyəsini bilmirəm. Bu, psixologiya məsələsidir. Hazırda bu barədə heç bir fikrim və həllim yoxdur. Mən çaşqın və son dərəcə məyusam. Bizim oyun üslubumuz tanınmaz idi. İndi bunun üçün heç bir izahatım yoxdur. Mümkün olan ən asan qolları buraxdıq – sanki son dörd həftədə heç nə etməmişdik.
Bu gün göstərdiklərimizin necə məşq etdiyimizlə heç bir əlaqəsi yoxdur. Bu, keçən mövsümün tam davamı kimidir, amma biz tamamilə başqa yolla gedirdik. Bugünkü səviyyəmizlə mövsümöncəsi yoldaşlıq görüşlərində və məşqlərdə göstərdiyimiz forma və enerji arasındakı uyğunsuzluq çox böyükdür”.
Bu arada “Stats Foot” maraqlı statistika paylaşıb. Tomas Tuxelin rəhbərliyi altında “Leypsiq”ə 0:3 hesabı ilə məğlub olmaqla, “Bayern” 1992-ci ildən bu yana mövsümə ən pis başlanğıc nümayiş etdirib. Mənbənin məlumatına görə, Tuxel “Bayern”i çalışdırdığı müddətdə 13 ilk rəsmi oyundan 5-də məğlub olub. Buna qədər müvafiq göstəriciyə “Bayern”in danimarkalı sabiq çalışdırıcı Sören Lerbyu imza atıb.
Tomas Tuxel bu ilin martından “Bayern”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 13 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə uduzub. Onun klubla müqaviləsi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, avqustun 18-də Bundesliqanın yeni mövsümünün 1-ci turu çərçivəsində “Bayern”i “Verder”lə oyun gözləyir.


