Tomas Tuxel Harri Keynin debütü haqda: “Ona yazığım gəlir”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya Super Kubokunun “Leypsiq”ə qarşı oyununda Harri Keynin Münhen klubunda debütünü şərh edib.

Arena.az “Bayern & Germany” portalına istinadən Tuxelin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mənim ona sadəcə yazığım gəlir. O, yəqin ki, dörd həftə məşq etmədiyimizi düşünür. Bugünkü çıxışımızın edəcəyimizlə heç bir əlaqəsi yox idi.

Harri gecə saat 3-də, ya 4-də yatmağa getdi. Biz ondan öyrənməliyik, amma onun bizdən öyrənməsinə ehtiyac yoxdur. O, bu dairədən çıxmaq üçün bizə çox kömək edəcək. Keyn oynamaq istəyirdi, oynamağa hazır idi və biz ona bir neçə dəqiqə vaxt verməyi qərara aldıq. Niyə də olmasın?”, deyə Tomas Tuxel fikrini əsaslandırıb.

Xatırladaq ki, Almaniya Super Kubokunun “Leypsiq”ə qarşı oyunu “Bayern”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Keyn bu görüşün 63-cü dəqiqəsində Matias Teli əvəzləyib. Amma o da yeni komandasını biabırçı məğlubiyyətdən xilas edə bilməyib.

Keyn “Bayern”ə elə ötən gün “Tottenhem”dən 100 milyon avro qarşılığında keçmişdi. İngilis hücumçunun münhenlilərlə müqaviləsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: