Toral Bayramov 36-cı dəqiqədə əvəzləndi, “Bursaspor”…

Futbol üzrə Azərbaycan milli komandasının sol cinah müdafiəçisi Toral Bayramov “Bursaspor”un heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 8-ci turu çərçivəsində “Batman Petrolspor”la qarşılaşıb.

Sözügedən komanda bu rəqiblə səfərdə üz-üzə gəlib və əzmkar qələbəyə sevinib – 2:1. Toral meydana start heyətdə çıxsa da, zəif oyunu səbəbilə 36-cı dəqiqədə, hesab 0:1 olarkən əvəzlənib.

“Bursaspor” hazırda 19 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: