Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Fatih Tekkenin istefasını qəbul etməyib.
Arena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis ötən gecə Avropa Liqasının təsnifat mərhələsinin pley-offunda “Ferentsvaroş”a ağır məğlubiyyətdən sonra istefa verdiyini açıqlamışdı.
Trabzon klubu cavab oyununda səfərdə Macarıstan təmsilçisinə 0:4 hesabı ilə uduzub. İlk görüşdə də “Ferentsvaroş” 1:0 hesabı ilə qalib gəlmişdi.
Türkiyə təmsilçisi bu nəticədən sonra Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib və mübarizəni Konfrans Liqasında davam etdirəcək.
“Ferentsvaroş”la oyundan sonra yaranan emosional gərginlik səbəbindən baş məşqçimiz Fatih Tekke istefa vermək istəyib. Lakin klubun İdarə Heyəti bu qərarı qəbul etməyib. Fatih Tekke baş məşqçi vəzifəsini davam etdirir və qarşıdakı çempionat matçında komandamıza rəhbərlik edəcək”, – deyə klubun açıqlamasında bildirilib.
Fatih Tekke 2025-ci ildən “Trabzonspor”a rəhbərlik edir. O, futbolçu kimi də bu klubda çıxış edib.


