Futbol üzrə İran çempionatının sonuncu qalibi “Traktor”un Asiya Çempionlar Liqasının yeni mövsümündəki rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün Asiyanın ən nüfuzlu klub turniri – Asiya Çempionlar Liqasının Elit turnirinin püşkatma mərasimi keçirilib.
İran çempionu və İran Super Kubokunun qalibi olmuş Təbriz klubu da bu turnirdə çıxış edəcək. Yeni mövsümdə yarışda ümumilikdə 24 komanda yer alacaq və onlar coğrafi prinsiplə “Qərb” və “Şərq” zonalarına bölünüblər. Hər zonada 12 komanda mübarizə aparacaq və komandalar qruplar üzrə deyil, vahid turnir sistemi ilə yarışacaqlar.
Hər komanda 8 oyun keçirəcək. Onların nəticələrinə əsasən, “Qərb” və “Şərq”in hərəsindən 8 ən yaxşı komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Orada da komandalar öz zonalarında yer alanlarla qarşılaşacaqlar. Yalnız 1/4 final mərhələsindən “Qərb”lə “Şərq” birləşəcək. 1/4 final, yarımfinal və final görüşləri gələn il aprelin 17-25-də Səudiyyə Ərəbistanında keçiriləcək.
Püşkatmanın nəticələrinə əsasən, “Traktor” “Qərb” zonasında evdə “Əl-Sədd” (Qətər), “Əl-Şorta” (İraq), “Əl-Duhail” (Qətər) və “Əl-Vahda” (BƏƏ) və səfərdə “Şabab Əl-Əhli” (BƏƏ), “Nasaf” (Özbəkistan), “Şarja” (BƏƏ) və “Əl-Qarafa” (Qətər) ilə qarşılaşacaq.
Turnir sentyabrın 15-də başlayacaq.
Asiya Çempionlar Liqası Elit turnirinin hazırkı qalibi Ərəbistanın “Əl-Əhli” klubudur.
Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə İran çempionu olmuş “Traktor” ölkənin Asiya Çempionlar Liqasının Elit turnirində yeganə təmsilçisidir. Təbriz təmsilçisi ötən mövsüm Asiya Çempionlar Liqasının 2-ci turnirinə qatılmış və 1/4 finala qədər irəliləmişdi.


