“Traktor” mövsümün son matçında 7 qola üzüldü

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 2022/2023 mövsümünün sonuncu – 30-cu turu çərçivəsində “İstiqlal” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan böyük hesablı məğlubiyyətlə ayrılıblar – 1:7. Təbrizlilərin yeganə qolunu 59-cu dəqiqədə Məhəmməd Qənbəri vurub.

Beləliklə, 52 xal toplamış “Traktor” mövsümü 16 iştirakçı arasında 4-cü pillədə başa vurub. Təbriz təmsilçisi keçirdiyi 30 oyundan 15-də qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. 42 qol vurmuş təbrizli futbolçular 34 dəfə məyus olublar.

“Persepolis” 66 xalla çempion olub. 65 xalı olan “Sepahan” ikinci, “İstiqlal” isə 62 xalla üçüncü yeri tutub.

Xəbəri istədiklərinizlə paylaşın