Premyer Liqanın cari mövsümündə uğurlu çıxış edən “Turan Tovuz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolu vurub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu, Azərbaycan Premyer Liqasının 12-ci turuna təsadüf edib.
“Araz-Naxçıvan”la səfər görüşündə (1:1) fərqlənən Ayxan Hüseynov yubiley qolunun müəllifi olub. Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.
Qeyd edək ki, debütü 2022/2023-cü illər mövsümünə təsadüf etmiş “Turan Tovuz”un ilk qolunu 2022-ci il avqustun 13-də “Səbail”lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 12 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. 23 xal toplamış Kurban Berdıyevin komandası yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


