“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının Almaniya Bundesliqasının 22-ci turunda “Bohum”a səfər məğlubiyyətindən (2:3) danışıb.
Arena.az DAZN portalına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Belə məğlubiyyətlər ədalətsizdir. Bu gün çox şey bizim xeyrimizə olmadı. İtki, son iki itki kimi deyildi. Səhv ola biləcək hər şey bu gün səhv oldu. Eyni zamanda, rəqibimizə layiq olduğu qiyməti vermək lazımdır. Bununla belə, “Bayer” və “Latsio”ya qarşı oyunlarla müqayisədə daha yaxşı oynadıq.
İndi Bundesliqada qalib gəlmək imkanımız o qədər də gerçək görünmür. Amma ötən mövsüm biz də son saniyəyə qədər ümid edirdik və bu, işə yaradı”, deyə Tuxel vurğulayıb.
Vurğulayaq ki, bu məğlubiyyət Almaniya nəhənginin cari mövsümdə bütün yarışlarda ardıcıl 3-cü məğlubiyyətidir.
22 turdan sonra “Bayern” 50 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Bundesliqaya 58 xalla Xabi Alonsonun “əczaçılar”ı – Leverkuzen “Bayer”i başçılıq edir.


