AFFA tərəfindən 15 yaşadək futbolçular arasında təşkil olunmuş U-15 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Neftçi” üzərində 1:0 hesablı qələbə qazanan “Qəbələ” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Sabah” çempion olub. “Qarabağ” isə gümüş medallarla kifayətlənib.
Oyunlardan sonra “Qəbələ” bürünc, “Qarabağ” gümüş medalla, “Sabah” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 36 qol vuran “Sabah”ın oyunçusu Ruslan Əbilov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Davud Abdullayev isə U-15 Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə təqdim ediblər.



