Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızlardan ibarət yığma (U-17) komandalar arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha 4 qarşılaşma baş tutub.
Günün ilk matçında A qrupunda qərarlaşan Bosniya və Herseqovina millisi ilə Litva komandası üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün ilk hissəsi Litva həndbolçularının 24:16 hesablı üstünlüyü ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində Bosniya və Herseqovina təmsilçiləri 21:16 hesabı ilə qalib gəlsələr də, ümumi hesabda Litva millisi qələbə qazanıb – 40:37.
Ardınca meydana B qrupunun İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.
B qrupunda keçirilən İsrail – Farer adaları görüşündə ada təmsilçisinin qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları komandası matçı 38:22 hesablı qələbə ilə başa vurub.
Günün son matçında isə Azərbaycanın U-17 millisi Sloveniya yığması ilə qarşılaşıb. Komandamız bu görüşdə biabırçı hesabla məğlub olub – 6:58.
Sabah Avropa çempionatında daha 4 qarşılaşma olacaq. A qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. B qrupunda isə Yunanıstan – İsrail və İspaniya – Lüksemburq görüşləri keçiriləcək.
Xatırladaq ki, ötən gün start götürmüş Bakıdakı Avropa çempionatı avqustun 13-də yekunlaşacaq. Azərbaycan millisi bir gün öncə baş tutan Gürcüstanla oyundan da məğlubiyyətlə ayrılmışdı – 13:39.


