18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi (U-18) bu gün Telavi şəhərində meydan sahibi Gürcüstan yığması ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində baş tutan bu görüşdən məğlubiyyətlə ayrılıb.
Əvvəlki turlarda Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzan yığmamız yalnız Estoniyanı bir setdə üstələməyi bacarmışdı. Ancaq həmin oyunun yekununda da millimiz 1:3 hesabı ilə məğlub olmuşdu.
Gürcülərlə baş tutan beşinci matç da millimizin məğlubiyyəti ilə bitib. Görüş meydan sahiblərinin 3:2 (26:24, 23:25, 23:25, 25:19, 15:5) hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, baş məşqçi Cəlil Baxtiozin bu yarış üçün yığmamıza 14 idmançı cəlb etmişdi. U-18 millimiz Gürcüstana bu heyətlə yollanmışdı:
Oyunçular – Rəvan Məmmədov, Turan Qəhrəmanlı, Rəvan Qəhrəmanlı, Camal Cəlilov, Məhəmməd Qurbanov, Camal Quliyev, Tural Əsgərov, Oqtay Qasımov, Nəriman Bayramlı, Okan İsayev, Muhammad Aslanlı, İbrahim Məmmədov, Məhəmmədtağı Əliyev, İlkin Hüseynli.
Baş məşqçi – Cəlil Baxtiozin.
Köməkçi məşqçilər – Səbuhi Əliyev, Andrey Estrov.
Menecer – Səbinə Babayeva.
Həkim – Sevinc Nəcəfova.


