Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Udineze” klubu heyətini iki yeni müdafiəçi ilə gücləndirib. Arena.az xəbər verir ki, elita təmsilçisi keçmiş sol cinah müdafiəçisi Marvin Zeqelar ilə fransalı sağ cinah müdafiəçisi Florian Toveni heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu azad agent kimi bu komandaya qoşulub. Zeqelar ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. Toven isə müddəti 2025-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb.
Marvin Zeqelar son olaraq məhz “Udineze”nin formasını geyinib. O, 2019-cu ildən formasını geyindiyi İtaliya klubundan 2022-ci ilin iyul ayında ayrılmışdı. A Seriyası təmsilçisi həmin vaxtdan klubsuz olan oyunçunu yenidən heyətinə qaytarıb. Təcrübəli müdafiəçi bu komandanın heyətində meydana çıxdığı 66 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Ayaks”ın yetirməsi olan Zeqelar peşəkar karyerasına da məhz Amsterdam təmsilçisində başlayıb. Niderlanddan olan 32 yaşlı futbolçu “Ekselsior”, “Espanyol”, “Elazığspor”, “Bləkpul”, “Rio Ave” və “Uotford” kimi klubların da formasını geyinib.
Florian Toven isə son olaraq Meksikanın “Tiqres UANL” klubunda çıxış edib. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi bu komandada 38 oyuna 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Fransadan olan 30 yaşlı vinger “Qrenobl”, “Bastiya”, “Olimpik” (Marsel), “Nyukasl” kimi klublarda da oynayıb. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinmiş Toven, əsas milliyə də dəvət alıb. O, Fransa yığmasında keçirdiyi 10 oyunda 1 qol da vurub.



