UEFA bəyan edib ki, qurumun bayrağı altında keçiriləcək qarşıdakı avrokubok oyunları sükut dəqiqəsi ilə başlayacaq.
Arena.az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, sükut dəqiqəsi aprelin 21-də vəfat etmiş Roma Papası Fransiskin xatirəsinə həsr ediləcək:
“UEFA, Gənclər arasında Çempionlar Liqasının və Qadınlar arasında Çempionlar Liqasının bu həftə baş tutacaq oyunlarında, həmçinin aprelin 29-dan mayın 1-nə qədər müddətə baş tutacaq, kişilər arasında klub yarışlarında Zati-müqəddəsləri Roma Papası Fransiskin xatirəsini sükut dəqiqəsi ilə yad edəcək”, – qurumun xüsusi bəyanatında deyilir.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-də Vatikandakı iqamətgahında 88 yaşında vəfat edib. Əslən argentinalı və əsl adı Xorxe Mario Berqolyo olan Papa Fransisk futbola sevgisi ilə diqqət çəkirdi və Argentinanın “San-Lorenso” klubuna azarkeşlik edirdi.


