UEFA həftənin ən yaxşısı adına namizədləri açıqladı

UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.

UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Antuan Qrizmann (“Atletiko”, İspaniya), Rodriqo (“Real”, İspaniya), Erlinq Haland (“Mançester Siti”, İngiltərə), Bukayo Saka (“Arsenal”, İngiltərə).

Antuan Qrizmann Şotlandiya “Seltik”inə 6 cavabsız qol vurduqları ev oyununda dubla imza atıb.

Erlinq Haland da doğma meydanda İsveçrə “Yanq Boyz”unu 3:0 hesabıyla məğlub etdikləri görüşdə dubla imza atıb.

Rodriqo Portuqaliya “Braqa”sını 3:0 hesabıyla yendikləri ev oyununda 1 qol və 1 assist müəllifi olub.

Bukayo Saka da evdə İspaniya “Sevilya”sını 2:0 hesabıyla üstələdikləri görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Avropa Liqasında namizədlər bunlardır: Saşa Horvat (LASK, Avstriya), Pedro Qonçalves (“Sportinq”, Portuqaliya), Maksimilian Eggeştayn (“Frayburq”, Almaniya) və Kristian Eriksen (“Molde”, Norveç).

Pedro Qonçalves Polşa “Rakuv”una evdə 2:1 hesabıyla qalib gəldikləri matçda dubl müəllifi olub.

Kristian Eriksen də səfərdə İsveç “Hakken”inə 3:1 qalib gəldikləri oyunda dubla imza atıb.

Maksimilian Eggeştayn doğma meydanda Serbiyanın “Baçka Topola” komandasına 5:0 hesabıyla qalib gəldikləri görüşdə 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Saşa Horvat isə Belçika “Yunion”una 3:0 hesabıyla qalib gəldikləri ev oyununda 1 qol və 1 assistlə yadda qalıb.

Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Ceyson Svanthorsson (“Breydablik”, İslandiya), Dor Perets (“Makkabi”, Təl-Əviv, İsrail), Faris Mumbaqna (“Bodo Qlimt”, Norveç), Gift Orban (“Gent”, Belçika).

Gift Orban “Breydablik”ə səfərdə 3:2 hesabıyla qalib gəldikləri matçda het-trikə imza atıb. Rəqib komandada isə Ceyson Svanthorrson dublla yadda qalıb.

Dor Perets Ukraynanın “Zarya” komandasına səfərdə 3:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Faris Mumbaqna da Türkiyənin “Beşiktaş” komandası üzərindəki səfər qələbəsində dublla pay sahibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: