UEFA İsraildə baş verən məlum hərbi münaqişə ilə əlaqədar olaraq futbol təqvimində müvafiq dəyişiklər etmək məcburiyyətində qalıb.
Arena.az bu barədə qitənin ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.
Belə ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail – İsveçrə oyunu təxirə salınıb. Bundan başqa yaxın bir neçə həftə ərzində İsraildə keçirilməsi nəzərdə tutulmuş bütün beynəlxalq oyunlar mövcud vəziyyətlə əlaqədar təhlükəsizlik məqsədilə təxirə salınıb.
“İsraildəki təhlükəsizliklə bağlı mövcud vəziyyəti nəzərə alaraq, UEFA İsraildə növbəti bir neçə həftə ərzində keçirilməsi nəzərdə tutulmuş bütün oyunları təxirə salmaq qərarına gəlib. Yeni tarixlər öz vaxtında təsdiqlənəcək.
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Kosovo və İsrail arasında keçiriləcək oyunun oktyabrın 15-də baş tuta biləcəyini və ya təxirə salınmasını tələb edib-etmədiyini qiymətləndirmək üçün daha bir neçə gün ayırır.
Vəziyyəti yaxından izləməyə davam edəcək və yeni tarixlər və qarşıdakı digər oyunlarda mümkün dəyişikliklərlə bağlı qərarlar qəbul etməzdən əvvəl, bütün iştirakçı komandalarla əlaqə saxlayacağıq”, – təşkilatın saytındakı xüsusi bəyanatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə azı 800 nəfər ölüb, 2750 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib. Bu gündən etibarən isə İsrail Livandan oxşar hücumlara məruz qalıb. Artıq bu iki ölkə arasında da döyüş əməliyyatları başlayıb.


