Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2023-cü il mövsümünün Niderlandda təşkil olunmuş “Dördlər finalı”na start verilib.
Arena.az xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib.
Rotterdamdakı “Feyenoord” stadionunda keçirilən görüş kifayət qədər gərgin və məhsuldar alınıb. Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Donyell Malen açıb və ilk hissə hollandların üstünlüyü ilə bitib. İkinci hissəyə isə xorvatlar yaxşı başlayıblar. Nəticədə Andrey Kramariç 55-ci dəqiqədə tarazlığı bərpa edib. 72-ci dəqiqədə Mario Paşaliç xorvatları hesabda önə keçirib. Lakin əsas vaxta əlavə olunmuş sonuncu – 6-cı dəqiqədə “narıncılar” məğlubiyyətdən xilas ola biliblər. Qalib müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə Bruno Petkoviç uzaq məsafədən baxımlı qolla hesabı yenidən qonaqların xeyrinə dəyişib. Son nöqtəni isə 116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Luka Modriç qoyub.
Beləliklə, Niderland seçməsinə 4:2 hesabıyla qalib gələn Xorvatiya yığması finala yüksəlib. İkinci finalçı sabah keçiriləcək İspaniya – İtaliya matçında müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasında mövsümün qalibi iyunun 18-də müəyyənləşəcək. Həmin gün “Dördlər finalı”nın həlledici oyunu ilə yanaşı, 3-cü yer uğrunda oyun da keçiriləcək.
UEFA Millətlər Liqası
“Dördlər finalı”, Yarımfinal
14 iyun
Niderland – Xorvatiya – 2:4
Qollar: Donyell Malen, 34. Noa Lanq, 90+6 – Andrey Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116-pen.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Rotterdam. “Feyenord” stadionu.


