Kiprin Limasol şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair qərarlar qəbul edilib.
Arena.az məlumat verir ki, gündəlikdə müzakirə edilən vacib məsələlərdən biri də Rusiya ilə bağlı olub.
İK Rusiyanın yeniyetmələrdən ibarət futbol komandalarının (U-17 yığması daxil olmaqla, bu yaşa qədər bütün yığmalar) neytral statusda – himn və bayraqsız beynəlxalq turnirlərə buraxılmasını təklifi ilə çıxış edib.
Vurğulanır ki, bu halda rusiyalı yeniyetmələr Rusiya ərazisində oyun keçirə və milli kimlik əlamətləri olan formalarda çıxış edə bilməyəcəklər.
Xatırladaq ki, hazırda Rusiyanın Ukraynada apardığı yolverilməz hərbi əməliyyatlar səbəbindən bütün Rusiya klubları və yığma komandaları FIFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıblar. Oxşar vəziyyət digər idman növlərində, xüsusən də komanda idman növlərində müşahidə edilir.
İcraiyyə Komitəsinin rusiyalı yeniyetmələrin beynəlxalq turnirlərə buraxılması ilə bağlı qərarı “uşaqların böyüklərin törətdiyi əməllərə görə məsuliyyət daşımaması” ilə izah edilir. Qitə futbol qurumu bu barədə rəsmi saytında müvafiq bəyanat yayıb:
“UEFA başa düşür ki, uşaqlar müstəsna surətdə böyüklərin məsuliyyət daşıdığı əməllərə görə cəzalandırılmamalıdırlar. UEFA qətiyyətlə inanır ki, futbol heç vaxt sülh və ümid missiyasından imtina etməməlidir. Xüsusilə məyusedici haldır ki, davam edən münaqişə ucbatından yetkinlik yaşına çatmamış bütöv bir nəsil beynəlxalq futbol yarışlarında iştirak etmək hüququndan məhrumdur.
Bu səbəblərə görə İcraiyyə Komitəsi yetkinlik yaşına çatmamış futbolçulardan ibarət Rusiya komandalarının yenidən onun himayəsi altında yarışmasına icazə verilməsinə qərar verib. Bununla əlaqədar olaraq, İcraiyyə Komitəsi püşkatma keçirilibsə belə, 17 yaşına qədər olan Rusiya komandalarının hüquqlarının bərpasına imkan verəcək texniki həll təklifi verməsi xahişi ilə UEFA inzibatına müraciət edib. Rusiya komandalarının bütün oyunları ölkənin bayrağı, himni, milli oyun forması olmadan və Rusiya ərazisində kənarda keçirilməlidir”, rəsmi bəyanatda deyilir.
İcraiyyə Komitəsinin növbəti iclası oktyabrın 10-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Qarşıdakı iclasın gündəliyindəki əsas məsələ AÇ-2028 və AÇ-2032 turnirlərinin ev sahiblərini müəyyənləşdirmək olacaq.


