Uğursuz Erik Ten Haqdan ziddiyyətli nəticə – ən yüksək qələbə faizi

“Mançester Yunayted”in holland baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın uğursuzluğu mənzərəsində maraqlı nəticəsi ilə diqqət çəkir.

Arena.az “Manchester Evening News” nəşrinə istinadən məlumat verir ki, Ser Aleks Ferqyusonun gedişindən sonra Erik ten Haq qazandığı qələbələrin faizinə görə “qırmızı şeytanlar”ın ən yaxşı məşqçisidir.

Holland mütəxəssis mankunianlıların sükanı arxasında keçirdiyi oyunların 62,34 faizində qalib gəlib.

Ser Aleks Ferqyusonun gedişindən sonra “Mançester Yunayted”i çalışdırmış mütəxəssislərin qələbə faizinin əks edildiyi siyahını diqqətinizə çatdırırıq:

  1. Erik ten Haq – 77 oyun, 62,34% qələbə;
  2. Joze Mourinyo – 144 oyun, 58,33% qələbə;
  3. Ule-Qunnar Sulşer – 168 oyun, 54,17% qələbə;
  4. Devid Moyes – 51oyun, 52,94% qələbə;
  5. Lui van Qal – 103 oyun, 52,43% qələbə;
  6. Ralf Ranqnik – 29 oyun, 37,93% qələbə.

Maraqlıdır ki, “Mançester Yunayted”in işləri heç də qaydasında getmir və mankunianlar mübarizə apardığı bütün cəbhələrdə mövsümöncəsi gözləntilərin əksinə olaraq, uğursuzluğa düçar olublar. “Qırmızı şeytanlar” mövsümün ilk 15 oyunundan 8-də məğlubiyyət alıblar. Komandanın bərbad nəticələri tarixi uğursuzluq rekordları ilə müşayiət edilir.

İngiltərə nəhəngi Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədədir. Komanda Çempionlar Liqasında 3 turdan sonra 3 xalla qrup 3-cüsüdür. Son olaraq MY İngiltərə Liqa Kubokunda “Nyukasl”a 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb. Buna qədər “Mançester Siti” Premyer Liqa çərçivəsində derbidə “qırmızı şeytanlar”ı 3:0 hesabıyla məğlub etmişdi.

Erik ten Haq Mançester təmsilçisini 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “qırmızı şeytanlar”a İngiltərə Liqa Kubokunu qazandırıb.

Ten Haq “Mançester Yunayted”in sükanı arxasında 77 oyunda 49 qələbə qazanıb, 20 oyunda məğlub olub, 8 oyundan isə sülhlə ayrılıb.

Daha əvvəl, məlum olmuşdu ki, uğursuzluğuna rəğmən, “Mançester Yunayted” rəhbərliyi Erik ten Haqla yollanı ayırmaq haqda düşünmür.

Xəbəri sosial şəbəkələrdə paylaş: