Uill Still “Lans”ın sükanı arxasına keçdi

31 yaşlı belçikalı mütəxəssis Uill Still Fransa Liqa 1-in təmsilçisi “Lans”ın baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə “Lans”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Still “Lans”la 3 illik müqaviləyə imza atıb. Belçikalı mütəxəssis bu vəzifədə, daha əvvəl “Nitsa”nın sükanı arxasına keçmiş fransız mütəxəssis Frank Ezi əvəzləyib. Stilin “Lans”la müqaviəlsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uill Stilin məşqçilk karyerasında maraqlı bir məqam var:
2022-ci ilin oktyabrında Still “Reyms”in baş məşqçisi vəzifəsinə təyinat alıb. Həmin vaxt mütəxəssisin UEFA Pro lisenziyası olmadığından, “Reyms” Stilin komandanı oyuna çıxardığı hər oyuna görə 25 min avro məbəğində cərimə ödəməli olub.

Stilin təyinatından sonra “Reyms” bütün yarışlarda ardıcıl 14 oyunluq məğlubiyyətsiz silsilə nümayiş etdirib. Belçikalı mütəxəssisin “Reyms”lə macərası rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 64 oyun, 25 qələbə, 17 heç-heçə, 22 məğlubiyyət. Topların fərqi isə 91:81 nisbətindədir.

2024-cü ilin may ayının 2-də Still “Reyms”in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

“Lans”a gəlincə, “qan-qızılılar” 2023/2024-cü illər Fransa Liqa 1-i 51 xalla yarış cədvəlinin 7-ci pilləsində başa vurublar. “Lans” növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ qazanıb.