“Union Berlin”də yeni hücumçu – Mikkel Kaufmann!

Futbol üzrə Danimarka yığmasının və “Kopenhagen”in hücumçusu Mikkel Kaufmann karyerasını Almaniyada davam etdirəcək.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu Bundesliqa təmsilçisi “Union Berlin”ə transfer olunub.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər artıq rəsmi müqaviləyə imza atsalar da, anlaşmanın müddəti və digər detalları açıqlanmayıb.

Almaniya klubunun bu transfer üçün Danimarka təmsilçisinə 2,7 milyon avro ödədiyi bildirilir.

Kaufman yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Danimarkanın “Olborq” klubunun yetirməsi olan Mikkel Kaufmann “Kopenhagen”ə 2020-ci ilin yanvarında 3 milyon avro qarşılığında gəlmişdi. O, bu komandanın heyətində cəmi 38 oyuna çıxıb, 2 qol və 2 ötürmə ilə yadda qalıb. Futbolçu son mövsümlərdə Almaniyanın “Hamburq” (32 oyun, 2 qol) və “Karlsrue” (32 oyun, 10 qol, 9 assist) klublarında icarədə də olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: