Belçikanın “Yunion” klubunun mərakeşli dayaq yarımmüdafiəçisi Ussama Əl-Azzuzi A Seriyası təmsilçisi “Bolonya”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
22 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. İtaliya klubu bu transferə görə Belçika təmsilçisinə 2 milyon avro ödəyib.
Ussama Əl-Azzuzi 2022-ci ilin iyul ayından formasını geyindiyi “Yunion”da 34 oyun keçirib, 2 qol vurub. O, daha öncə Niderlandın “Emmen” klubunun da formasını geyinib, Mərakeşin U-23 yığmasında çıxış edib.
“Bolonya” öz yarımmüdafiəçisi Luis Ferqyusonla da yeni müqavilə bağlayıb. Şotlandiyadan olan 23 yaşlı futbolçu da 4+1 illik yeni sözləşməyə imza atıb. O, bu kluba 2022-ci ilin yayında “Aberdin”dən 3,5 milyon avro qarşılığında keçib. Ferqyuson İtaliya klubunda 33 oyuna 7 qol vurub. Yarımmüdafiəçi Şotlandiya yığmasında da 5 matç keçirib.

A Seriyası təmsilçisi Polşadan olan 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Katsper Urbanski ilə də yeni müqavilə bağlayıb. Polşanın U-19 yığmasının üzvü 2+1 illik yeni sözləşməyə imza atıb. 2021-ci ildən bu klubda olan futbolçu əsas komandada 2 oyun keçirib.

Bolonyanın eyniadlı təmsilçisi müdafiəçisi Luis Binksi də “Koventri Siti”yə icarəyə verib. İngiltərədən olan 21 yaşlı mərkəz müdafiəçisi 2024-cü ilin 30 iyununa kimi ölkəsində çıxış edəcək.

Binks “Bolonya”ya 2021-ci ilin iyun ayında gəlsə də, bu komandada cəmi 15 matç keçirib. Bu üzdən də o, daha öncə “Monreal” və “Komo”ya da icarəyə verilib. Luis Binks İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.


