Valdemar Anton Dortmund “Borussiya”sında!

“Ştutqart”ın mərkəz müdafiəçisi Valdemar Anton bundan sonra Dortmund “Borussiya”sının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Dortmund klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almaniya yığmasının da üzvü olan futbolçunun transferi “Borussiya”ya 22,5 milyon avroya başa gəlib. 27 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) sözləşmə imzalanıb.

Valdemar Anton “Hannover”in yetirməsidir. Müdafiəçi “Ştutqart”a 2020-ci ilin yayında məhz “Hannover”dən 4 milyon avro qarşılığında keçmişdi. O, “Ştutqart”ın heyətində 141 oyuna çıxıb, 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyanın U-21 yığmasında da oynamış futbolçu bu ilin martında əsas millidə debüt edib. Yığmada cəmi 4 oyun keçirmiş Anton Almaniyada təşkil olunmuş Avropa çempionatında (AÇ-2024) Danimarka və İspaniya yığmalarına qarşı görüşlərdə mübarizə aparıb.

“Borussiya”nın sağ cinah müdafiəçisi Mateu Morey isə Dortmund klubundan ayrılaraq İspaniyanın “Malyorka” klubuna keçib. İspan futbolçu yeni klubu ilə azad agent statusunda 1+2 illik müqavilə bağlayıb.

Mateu Morey məhz “Malyorka” və “Barselona” futbol akademiyalarının yetirməsidir. O, Dortmund klubuna 2019-cu ildə “Barselona”dan cəlb olunmuşdu. “Borussiya”da cəmi 32 oyun keçirmiş futbolçu 4 assistlə yadda qalıb. İspaniyanın U-17, U-18 və U-21 yığmalarında oynamasına baxmayaraq, Mateu əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Malyorka” Almaniyanın digər klubu “Boxum”dan Takuma Asanonu da heyətinə cəlb edib. 29 yaşlı yapon sağ vinger də İspaniya klubuna azad agent kimi qoşulub. Onunla 2 illik müqavilə imzalanıb.

2021-ci ildən “Boxum”da çıxış edən Asano bu komandanın heyətində meydana çıxdığı 90 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə verib. O, daha öncə “Hiroşima”, “Partizan”, “Hannover”, “Ştutqart” kimi klublarda da forma geyinib.

“Malyorka”nın mərkəz yarımmüdafiəçisi İddrisu Baba isə bu klubu “Almeriya”ya dəyişib. La Liqa təmsilçisini azad agent kimi tərk etmiş 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

İdrissu Baba “Malyorka”da 150 oyuna 1 qol vurub, 2 assistlə yadda qalıb. Ötən mövsümü icarə əsasında məhz “Almeriya”da keçirmiş qanalı futbolçu “Barakaldo”nun da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: