“Valensiya” Vinisiusun irqçiliklə bağlı çıxışından hiddətlidir

İrqçilik ittihamı ilə bağlı məhkəmə prosesində “Real”ın braziliyalı superulduzu Vinisiusun ifadəsindən sonra “Valensiya” açıqlama yayıb.

Arena.az bu barədə La Liqa klubunun rəsmi saytına istinadən məlumat verir.

“Vinisiusun məhkəmədə bəyan edilmiş ifadəsi ilə bağlı dərc olunmuş məlumata görə, guya keçən mövsüm “Valensiya” ilə “Real” oyununda bütün “Mestalya” stadionunun irqçi təhqirlər səsləndirməsi ilə bağlı, biz öz təəccübümüzü, ikrahımızı və hiddətimizi bildirmək istərdik!

“Real”ın baş məşqçisi Karlo Ançelottinin açıq şəkildə etiraf etdiyi kimi, bu davranışı heç bir surətdə “Mestalya” stadionunda hamıya aid etmək olmaz.

Klub bu məsələnin ciddiliyini bütünlüklə dərk edir. İrqçiliyin nə futbolda, nə də cəmiyyətdə yeri yoxdur. Ancaq bununla yanlış təsəvvürlər və yalanlar əsasında mübarizə aparmaq olmaz. Bu fəsad hər kəsin iştirakını tələb edirik. Başa düşürük ki, biz bu qəbildən məsələlərdə təfərrüatı ilə dəqiq və məsuliyyətli olmalıyıq.

“Valensiya” azarkeşlərini irqçi adlandırmaq olmaz. Klubumuz Vinisius Juniordan bu səhər verdiyi açıqlamaya görə açıq şəkildə üzr istəməsini tələb edir”, – İspaniya klubunun rəsmi bəyanatında qeyd olunub.

Xatırladaq ki, Vinisius oktyabrın 5-də məhkəmədə çıxışı zamanı cari ilin may ayının 21-də “Real”ın səfərdə “Valensiya” ilə oyununda yerli azarkeşlər tərəfindən üzləşdiyi irçi münasibətə dair iş üzrə ifadə verib. Braziliyalı futbolçu məhkəməyə ifadəsində adı çəkilən hadisədə irqçi və ksenofob ifadələrlə təhqir edildiyini bildirib.

Vinisius “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan gəlib. O, Madrid təmsilçisində bütövlükdə 231 oyun keçirib, 61 qol vurub, 64 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı ulduz “Real”la 2 dəfə La Liqanı (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2019/2020, 2021/2022), Çempionlar Liqasını (2021/2022), UEFA Super Kubokunu (2022/2023), FIFA Klub Dünya Kubokunu (2019, 2023) qazanıb.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 23 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: