“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, gənc mütəxəssis doğma meydanda 3:0 hesablı qələbəyə sevindikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Çətin vəziyyətdə idik. Uşaqlar oyunun vacibliyini dərk edirdilər. Gözəl oyun və qələbəyə görə komandamı təbrik edirəm. Azər Bağırov yaxşı komanda formalaşdırıb. Ona uğurlar arzulayıram. İnanıram ki, “Kəpəz” bu mövsüm istədiyi nəticəni əldə edəcək”.
Vaqif Cavadov bu oyundan öncə mümkün istefası barədə ehtimallar barədə düşüncələrini də bölüşüb:
“Mən gənc məşqçiyəm, səhvlərim ola bilər. Komandanı çətin durumda götürdüyüm zaman da gənc idim. Bir məşqçi olaraq bu situasiyaya düşməlisən. İnanıram ki, məndə o güc var. Öz üzərimdə çalışıram. Məğlubiyyətlərə baxmayaraq, komandada birlik və bərabərlik var idi. Bu gün qalib gəldik. Başımızı aşağı salıb növbəti matçlara hazırlaşacağıq.
Məşqçi işi elədir ki, hər an hər şeyə hazır olmalısan. İkincisi, səndə inam olmalıdır. Rəhbərliyin və komandanın mənə inamı vardı. Siz də bunu dərk etməlisiniz ki, mən gənc məşqçiyəm. Bir baş məşqçi kimi belə vəziyyətlərə düşməyi də, qalxmağı da bilməlisən. Az danışıb, çox iş görməyə gəlmişəm. Mən həmişə mətbuata açıq olmuşam. Siz sual verirsiniz, mən də cavab verirəm. Komandanın yaxşı nəticələr qazanması üçün gecə-gündüz çalışıram. 10 oyundur qol vura bilməmək, təzyiqlərə dözmək ancaq güclü insanların xarakterində olan şeydir”.
“Sumqayıt”ın baş məşqçisi yeni transferlərin durumuna da toxunub:
“Həmişə deyirdim ki, Ronaldoya vaxt lazımdır. Yavaş-yavaş formasını yığır. Həmçinin, Bobir. Momo Yansanedə zədə oldu. Onda proses bir az gec gedir. Vaxt lazımdır. İnanıram ki, hər biri növbəti oyunlarda bizə kömək edəcək”.
“Komandanın içində problem var” – Azər Bağırov
“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Ən zəif oyunumuzu oynadıq. Qol vura bilməyəndə pis duruma düşürük. Birinci hissədə qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Qarşıdakı oyunlara hazırlaşacağıq.
İki fərqli hissə oldu. İlk yarıda daha çox qol epizodları yaratdıq. Dəyərləndirə bilməyəndə elə bil komanda sınır. İkinci hissəni heç bəyənmədim. Tapşırıqları icra edə bilmədik. Komandanın içində problem var. Onu axtarıb tapmaq lazımdır. Psixoloji durum çox vacibdir. Bəzi futbolçular performansından aşağı oynayır. Bunun səbəbini araşdıracağıq.
“Sumqayıt”ın heyətində milli komandanın futbolçuları var. Yaxşı legionerlər seçiblər. Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda oturur. Siz deyin ki, keyfiyyət kimdə çoxdur.
Hər bir məğlubiyyət təsir edir. Bu gün uduzmaq istəmirdik. Allahın qədəridir. Hər işdə bir xeyir var. 4-cü dövrədə çox maraqlı oyunlar olacaq”.


