Velinton Türkiyə Super Liqasında qaldı

Bu yay “Beşiktaş”la müqaviləsinin müddəti bitdiyi üçün azad agentə çevrilən Velinton Super Liqanın yeni klubu “Pendikspor”a keçib.

Arena.az xəbər verir ki, bu barədə braziliyalı müdafiəçinin yeni klubu məlumat yayıb.

34 yaşlı stopperlə müqavilənin müddəti açıqlanmayıb. Klub onunla azad agent kimi müqavilə bağladığı üçün əlavə xərcə düşməyib.

Mərkəz müdafiəçisi 2020-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışırdı. O, İstanbul təmsilçisində 85 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Velinton karyerası ərzində “Flamenqo”, “Koritiba”, “Əl-Xor”, “Umm Salal” və “Spartak” (Vladiqafqaz) kimi klublarda da forma geyinib. O, Türkiyədə “Alanyaspor”un da uğurları üçün çalışıb.

“Pendikspor” “Kepez Belediyespor”un hücumçusu Mehmet Kaan Türkmeni də heyətinə qatıb. 22 yaşlı forvardla da müqavilənin müddəti açıqlanmayıb. O, geridə qalan mövsümdə 3-cü liqada meydana çıxdığı 31 oyunda 15 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanmış “Pendikspor” daha öncə Erdem Canpolat, Georgios Tsavellas, Erencan Yardımcı, Nuno Sekeyra, Halil Akbunar, Emre Taşdemir və Yosip Vukoviç kimi futbolçuları da heyətinə qatmışdı.

Yeri gəlmişkən, Velintonun sabiq klubu “Beşiktaş”da yarımmüdafiəçi Abdullah Aydın da “Şanlıurfaspor”a transfer olub. 22 yaşlı futbolçunun transfer detalları açıqlanmır.

Abdullah Aydın 2020-ci ildə Fransanın “Konkarno” klubundan “Beşiktaş”a transfer edilsə də, İstanbul təmsilçisinin əsas komandasında oynamaq şansı qazanmayıb. O, bu müddətdə “Altay”, “Menemen” və “Keçiörengücü” kimi klublarda icarədə oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: