“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona”ya qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən məlumat verir ki, belçikalı mütəxəssis “blauqrana”nın alman bəş məşqçisi, əvvəllər “Bayern”i çalışdırmış Hans-Diter Flikə diqqət yetirdiyini qabardıb:
“Bayern” üçün çox şey etmiş məşqçilər var və Flik də onlardan biridir. Bunlara həmçinin Yupp Haynkes, “Pep” Qvardiola və başqaları daxildirlər. Əlbəttə, bu, onun (Flik) üçün xüsusi bir oyun olacaq. Ancaq əvvəl-axır o, qalib gəlmək istəyir və biz də qalib gəlmək istəyirik”, deyə Kompani Almaniya nəhənginin mütləq qələbəyə oynayacağını başa düşməyə əsas verib.
Xatırladaq ki, Hans-Diter Flikin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Cari ilin iyul ayından isə Flik “Barselona”nın çalışdırır.
Kompani isə iyulda “Bayern”in sükanı arxasına keçib. Münhen komandasını belçikalı mütəxəssisin məşqçilik karyerasında ilk ciddi sınaq, böyük çağırış hesab etmək olar.
Mətbuat indidən bu oyunu məşqçilərin mübarizəsi olaraq qiymətləndirir.
Xatırladaq ki, “Barselona” – “Bayern” oyunu oktyabrın 23-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.