“Vest Hem” “Arsenal”ın Deklan Raysa görə bonuslar da daxil olmaqla 122 milyon avroluq təklifini qəbul edib.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “çəkicdöyənlər” “topçular”ın 24 yaşlı dayaq yarımmüdafiəçisinə görə ünvanladığı təkliflə razılaşıblar. Hazırda tərəflər gələcək ödənişlərin tərtibatını müzakirə edirlər. “Vest Hem” “Arsenal”ın növbəti il yarım ərzində 116 milyon funt-sterlinq ödəməsində israrlıdır. Klublar son təfərrüatı razılaşdırdıqdan sonra transfer rəsmi olaraq açıqlanacaq.
Ümumilikdə Deklan Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, geridə qalan mövsümdə komandası ilə Avropa Konfrans Liqasının qalibi olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı Deklan Raysı 90 milyon avro məbləğində qiymətləndirir.


