“Vest Hem” dayaq yarımmüdafiəçisi və kapitanı Deklan Raysın satış məbləği Böyük Britaniya rekordu olmaqla komandadan ayrıldığını açıqlayıb.
Arena.az xəbər verir ki, “çəkicdöyənlər” bu barədə klubun rəsmi saytında məlumat veriblər.
Satış məbləğinin dəqiqliklə göstərilməməsinə rəğmən, transferin Böyük Britaniya rekordu olduğu məlumdur. Əvvəlki rekord 117,5 milyon avroya Cek Qrilişin “Aston Villa”dan “Mançester Siti”yə transferi olub.
24 yaşlı Deklan Rays “Çelsi”nin yetirməsidir, amma 14 yaşından “Vest Hem”də çıxış edib. Ümumilikdə Rays “Vest Hem”in heyətində 245 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, geridə qalan mövsümdə “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasının qalibi olub. Yarımmüdafiəçi İngiltərə milli komandasında da 43 oyun keçirib. O, bu matçlarda 3 qol da vurub.
Xatırladaq ki, daha əvvəl “Arsenal”ın Rays üçün bonuslar daxil olmaqla, təxminən 122 milyon avro ödəyəcəyi haqda məlumat verilmişdi. “Arsenal” Deklan Raysın transferini bu gün, iyulun 15-də açıqlamalıdır. İngilis futbolçu artıq yeni klubunda tibbi müayinədən keçib.
“Transfermarkt” internet-portalı Deklan Raysı 90 milyon avro məbləğində qiymətləndirir.
Yeri gəlmişkən, “Vest Hem” digər yarımmüdafiəçisi Freddi Pottsla da yeni müqavilə imzalandığını açıqlayıb. 19 yaşlı ingilis futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

Freddi Potts “Vest Hem”in öz yetirməsidir. Bu vaxta qədər aşağı yaş qrupları üzrə komandalarda forma geyinmiş gənc futbolçu əsas komandada cəmi 3 matça çıxıb. Amma onun yeni mövsümdən daha çox şans qazanması gözlənilir.


