“Qalatasaray”da “Napoli”dən icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen öz gələcəyi haqda söhbət açıb.
Arena.az xatırladır ki, nigeriyalı hücumçu Avropa Liqasının 4-cü turu çərçivəsində “Tottenhem”lə İstanbuldakı oyunda (3:2) “mahmızlar”ın qapısına iki qol vurub.
Bununla da o, “Qalatasaray”ın qələbəsində müstəsna pay sahibi olub. Matçdan sonra o, gələcək planları barədə bunları söyləyib:
“Mən yanvarda getməyəcəyəm, mövsümün sonuna qədər “Qalatasaray”dayam. “Qalatasaray” və “Napoli”nin bu mövsümdən sonra nə danışacağını bilmirəm, amma mənim yanıma gəlsələr, hər şeyi müzakirə edəcəyik. “Qalatasaray” çox bəyəndiyim yaxşı klubdur. Mən burada xoşbəxtəm”, – türk jurnalist Yağız Sabuncuoğlu nigeriyalı hücumçudan sitat gətirir.
Xatırladaq ki, Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Sentyabr ayında Osimhen cari 2024/2025-ci illər mövsümünün sonuna qədər “Qalatasaray”a ödənişsiz əsasda icarəyə verilib.
Cari mövsümdə Osimhen “Qalatasaray” üçün 8 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 37 oyuna çıxıb, 22 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015-ci il Dünya Kubokunun, U-23 yığması ilə 2015-ci il Afrika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.


