Vitali Borisov: “Debütdə hər kəs uğurlu nəticə qazanmaq istəyir”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov və qapıçı Rövşən Hüseynli bu gün jurnalistlər üçün brifinq keçiriblər.

Arena.az xəbər verir ki, DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya ilə qarşılaşacaq Azərbaycan millisinin bu gün KİV üçün açıq məşqçi baş tutub.

Məşqdən öncə jurnalistlərə açıqlama verən baş məşqçi Vitali Borisov bunları deyib:

“Ölkə xaricində çıxış edən futzalçılarımız da dünəndən komandaya qoşulub. 1-2 nəfərdə yüngül problem var. Gecə komanda səfərə çıxır. Rumıniya yığmasının dörd – Mərakeşlə iki yoldaşlıq, Danimarka və Finlandiya ilə seçmə mərhələ görüşlərini izləmişik. Taktiki baxımdan necə oynadıqlarını, müdafiədə necə hərəkət, nə zaman pressinq etdiklərini bilirik. Artıq oyunçulara da müəyyən fikirlərimizi çatdırmışıq. Son 2 məşqimizi Rumıniyada reallaşdıracağıq və son tapşırıqları da orada verəcəyik. Komanda ilə birgə oyun epizodlarına baxış olacaq. Şanslar 50-nin 50-yədir.

Niderland millisini hələ analiz etməmişik. Ancaq müəyyən informasiyamız var. Onların hazırkı baş məşqçisini yaxşı tanıyırıq. Vaxtilə bir yerdə işləmişik, Rusiyada oynayanda məşqçim olub.
Milli komandanın baş məşqçisi kimi debüt oyunum olacaq. Hər kəs uğurlu nəticə qazanmaq istəyir. İnşallah, biz də bunun öhdəsindən gələrik. Komandada əhval-ruhiyyə yaxşıdır”.

“Final fitinə qədər mübarizə aparmalıyıq”

Millimizin qapıçısı Rövşən Hüseynli də jurnalistlərin suallarını cavablandırıb:

“İki gündür tam heyətlə məşq edirik. Buna qədər mən də daxil legionerlər öz klublarında idilər. Əsasən taktiki planda çalışmaları yerinə yetiririk. Yəni meydanda necə oynamalıyıq, onu məşq edirik. Rəqibi hələ analiz etməmişik. Gecə yola düşürük. Orda da hazırlaşmaq üçün vaxtımız olacaq. İndi zəif komanda yoxdur. Futzal durmadan inkişaf edir. Hansısa komandanın favorit olduğunu düşünənlər var. Amma bu gün qrupda yer alan millilərin hər birinin şansı var.

Rumıniya millisi fərqli oyun üslubunda çıxış edir. Niderland son Avropa çempionatına ev sahibliyi edib, müəyyən təcrübəyə sahibdir. Qazaxıstan millisi illərdir yuxarı yerlər uğrunda yarışır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticələr qazana bilərik.

Rumıniya ilə oyunla bağlı baş məşqçi hələ konkret tapşırıq verməyib. Bunu yəqin oyundan 1 gün əvvəl edəcək. Əlbəttə, hər birimiz qələbə qazanmaq istəyindəyik. Final mərhələsində iştirak etmək istəyiriksə, geriyə yol, hansısa riyazı hesablamalar aparmağa ehtiyac yoxdur. Hər bir oyunda maksimum nəticə qazanmalı, birinci yeri tutub final mərhələsinə yüksəlmək haqda düşünməliyik. Final fitinə qədər mübarizə aparmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: