“Bayer”in baş məşqçisi Xabi Alonso bu mövsümün sonunda “Real”ı çalışdıra biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Arena.az “The Guardian” nəşrinə istinadən, Alonsonun bu barədə fikirlərini təqdim edir:
“Hər şey başqa insanlar tərəfindən qərar qəbul etmək istəməyinizdən, yoxsa özünüz qərar vermək istəməyinizdən asılıdır. İndiyə qədər düznəqulu danışmışam. Mən məqamın doğru olduğunu hiss etdiyim zaman qərarımı verəcəyəm. Əminəm ki, bu baş verəcək”, deyə Alonso bildirib.
Xatırladaq ki, artıq bir neçə aydır ki, mətbuatda ispan mütəxəssisin “Kral klubu”nun baş məşqçisi vəzifəsində yaxın vaxtlarda Karlo Ançelottini əvəz edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Vurğulayaq ki, Xabi Alonso futbolçu ikən 2009-2014-cü illərdə “Real”da çıxış edib.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. Futbol ölçüləri ilə gənc sayıla biləcək çalışdırıcının Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. İspan mütəxəssisin rəhbərliyi altında “əczaçılar” ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar.
Hazırda Xabi Alonsonun “əczaçılar”ı Bundesliqanın 13 turundan sonra 35 xalla turnir cədvəlinə başçılaq edirlər.
“Bayer” 42 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.


