Xabi Alonso “Qarabağ”ın rəqibini “Bayern”ə dəyişir?

Tomas Tuxelin Almaniya çempionu “Bayern”dən gedişi təqdirində münhenlilərin sükanı arxasına ispan mütəxəssis Xabi Alonso gətiriləcək.

Arena.az bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Bayern” rəhbərliyi Alonsonun böyük azarkeşidir. “Bayern”in idarə heyətinin sədri Karl-Haynts Rummenigge 41 yaşlı ispan mütəxəssisi yüksək qiymətləndirir, münhenlilərin icraçı direktoru Yan-Kristian Drezen isə Xabi Alonsonun şəxsiyyətinə və tərəqqisinə heyrandır.

Həmçinin Münhen klubunun rəhbərliyinin komandanın xorvat sağ cinah müdafiəçisi Yosip Stanisiçi məhz “Bayer”ə icarəyə göndərməkdə məqsədi, “əczaçılar”ı Xabi Alonsonun çalışdırması amilidir. “Bayern”in mütəxəssisləri futbolçunun ispan mütəxəssisin rəhbərliyi altında püxtələşəcəyinə inanırlar.

Xabi Alonso yayda “Bayer”lə müqaviləsini yeniləyib və tərəflər müddəti 2026-cı il iyunun sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.

İspan mütəxəssis “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. Alonsonun rəhbərliyi altında ötən mövsüm “əczaçılar” Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar. Xabi Leverkuzen təmsilçisini ümumilikdə 41 oyuna çıxarıb, 21 qələbə qazanıb, 10 heç-heçə edib və 10 məğlubiyyətə uğrayıb. “Əczaçılar” bu oyunlarda rəqib qapılarına 88 qol vurublar, 52 qol buraxıblar.

Xatırladaq ki, “Bayer” 41 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

Onu da qeyd edək ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. H qrupunda yer alan bu iki komandanı Norveç “Molde”si və İsveç “Hakken”i ilə də oyunlar gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: