Leverkuzen “Bayer”i ispan baş məşqçisi Xabi Alonso ilə Almaniya Bundesliqasında klub tarixinin rekorduna imza atıb.
Arena.az bu barədə “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir.
“Əczaçılar” cari mövsümdə Almaniya çempionatı çərçivəsində keçirdikləri bütün oyunlarda qələbə qazanaraq, yalnız çempion “Bayern”lə səfər oyununda (2:2) xal itiriblər. 9 turdan sonra “Bayer” 25 xalla Bundesliqanın vahid lideridir. Bununla yanaşı, “Bayer” mövsümün ilk 9 turundan sonra vurduğu 27 qolla klub rekordunu yeniləyib.
Xabi həm də “Bayer”in 1979-cu ildə Bundesliqaya çıxmasından sonra klubun sükanı arxasında ardıcıl 8 rəsmi oyunda qalib gəlmiş ilk məşqçi kimi tarixə düşüb.
Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
İspan mütəxəssisin rəhbərliyi altında “əczaçılar” ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar.
Cari mövsümdə Xabi Alonso “Bayer”i 13 oyuna çıxarıb, 12 qləbə qazanıb, 1 heç-heçə edib. Alonsonun “əczaçılar”ın sükanı arxasında ümumi statistikası isə belədir: 50 oyun, 29 qələbə, 11 heç-heçə, 10 məğlubiyyət.
“Bayer” 41 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.
Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.
Leverkuzen təmsilçisi Bundesliqada növbəti matçını oktyabrın 4-də səfərdə “Hoffenhaym”a qarşı keçirəcək. Buna qədər isə Almaniya Kuboku çərçivəsində “Sandhauzen”lə görüş baş tutacaq. Bu oyun noyabrın 1-nə təsadüf edəcək.
Xatırladaq ki, “Bayer”lə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutub və meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.


