“Bayer”in baş məşqçisi Xabi Alonso, “əczaçılar”ın ilk məşqini xəbərdarlıq etmədən buraxdığı üçün hücumçu Sərdar Əzmunu cəzalandırıb.
Arena.az xəbər verir ki, Əzmun səhhəti ilə bağlı məşqi buraxdığını desə də, bu barədə məşq bitdikdən sonra məlumat verib.
Bu üzdən də baş məşqçi iranlı futbolçunu komanda ilə məşqlərdən kənarlaşdırmaq qərarına gəlib. Vurğulanır ki, Xabi Alonso, həm də fiziki forması zəif olduğu üçün hücumçunu cəzalandırmaq qərarına gəlib. İndi Əzmun fərdi proqram üzrə məşq edəcək.
Xatırladaq ki, Sərdar Əzmun geridə qalmış mövsümü İtaliyanın “Roma” klubunda icarədə keçirib. O, paytaxt klubuna 2023-cü ilin avqust ayından “Bayer”dən icarə əsasında keçmişdi. İtaliya klubu həmin vaxt onu satınalma şərti ilə 1 illik icarəyə götürmüşdü. “Canavarlar” iranlı futbolçunu daimi əsasda tamhüquqlu transfer etmək hüququna malik olsalar da, bu maddəni aktivləşdirməyiblər.
Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Sərdarın böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubunda baş tutub. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquqlu əsasda ora transfer edilib. Ardından yenidən “Rubin”ə qayıdıb, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib. 2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib.
Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində Əzmun 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.
2023/2024 mövsümündə Əzmun “Roma”nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Sərdar Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 83 oyun keçirib, 53 qol vurub, 14 məhsuldar ötürmə verib.
Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.
“Transfermarkt” internet-portalı 29 yaşlı iranlı mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


