Xabi Alonsolu “Bayer” tarixi uğura imza atdı

Xabi Alonsonun çalışdırdığı “Bayer” Bundesliqanın 6-cı turu çərçivəsində “Maynts”ı 3:0 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atıb.

Arena.az məlumat verir ki, səfərdə qazanılmış bu qələbə sayəsində Leverkuzen təmsilçisi Bundesliqada çıxışı ərzində mövsümdə ən yaxşı başlanğıcına nail olub.

Alonsonun yetirmələri çempionatın ilk 6 oyununda 16 xal toplayıblar və Bundesliqada liderdirlər. “Əczaçılar” 5 qələbə qazanıblar, 1 oyundan heç-heçə ilə ayrılıblar. Top fərqi isə 20:6 nisbətindədir.

Xatırladaq ki, Alonsonun adı gələcəkdə “Real”ı çalışdıra biləcək məşqçilərin arasında ən mümkün namizəd kimi çəkilir. Hətta “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti bu yaxınlarda verdiyi müsahibə zamanı Alonsodan razılıqla danışaraq, gələcəkdə müvafiq təyinatın mümkünlüyünü bildirmişdi.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin rəhbərliyi altında “əczaçılar” ötən mövsüm Avropa Liqasının yarımfinalına yüksəlməyi bacarıblar və Almaniya Bundesliqasında 6-cı yeri tutublar. Alonso Leverkuzen təmsilçisini ümumilikdə 45 oyuna çıxarıb. “Əczaçılar” bu oyunlarda 24 qələbə qazanıblar, 11 heç-heçə ediblər və 10 məğlubiyyətə üzülüblər.

“Bayer” 41 yaşlı ispan mütəxəssisin məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Alonso futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

Sonda onuda xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu iki komanda arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Onların yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: