Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan 2-ci Liqasında çıxış edən “Xankəndi” komandasının baş məşqçi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, baş məşqçi postundan ayrılsa da, klubda qalacaq. Belə ki, Uzunca sözügedən klubun futbol akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.
Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.
Xatırladaq ki, “Xankəndi” İkinci Liqanın 2025/2026-cı illər mövsümündə uğurlu çıxışı ilə diqqət çəkir. Belə ki, komanda mövsümün geridə qalmış 14 turundan sonra 39 xalla ikinci yerdə qərarlaşıb. Sözügedən kollektiv lider “Qaradağ Lökbatan”la eyni xala malikdir. Komanda 14 oyunda 13 qələbə qazanıb, cəmi 1 görüşdə məğlub olub.


