“Yuventus”un fransalı yarımmüdafiəçisi Xefren Türam may ayının yekunlarına əsasən, İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.
Türam may ayında Turin klubunun heyətində A Seriyasında 2 oyunda iştirak edib. O, bu oyunlarda 1 qol vurub, komandası isə heç-heçələrlə (“Latsio” və “Bolonya” ilə səfərdə 1:1) kifayətlənib.
Xefren Türam “Monako”nun yetirməsidir. O, 2019-cu ilin iyul ayından “Yuventus”a keçənə qədər “Nitsa”da forma geyinib. Turin klubu 24 yaşlı futbolçunu 2024-cü ilin yayında 20,6 milyon avro müqabilində heyətinə qatıb. Fransalı oyunçunun “Yuventus”la 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Yarımmüdafiəçi İtaliya nəhənginin heyətində indiyə qədər 46 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Xefren 2023-cü ilin martında əsas millidə debüt edib. Amma ondan sonra Türama millidə ehtiyac duyulmayıb.
Xatırladaq ki, Xefren “Yuventus”un və Fransa millisinin sabiq üzvü – dünya və Avropa çempionu Lilian Türamın oğludur. Onun qardaşı Markus Türam isə İtaliyanın digər klubu “İnter”də çıxış edir.
Xefren Türam karyerasında ilk dəfə A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:
Avqust 2024 – Markus Türam (“İnter”)
Sentyabr 2024 – Xviça Kvaratsxeliya (“Napoli”)
Oktyabr 2024 – Mateo Reteqi (“Atalanta”)
Noyabr 2024 – Moyze Kin (“Fiorentina”)
Dekabr 2024 – Paulo Dibala (“Roma”)
Yanvar 2025 – Andre-Frank Zambo Anqissa (“Napoli”)
Fevral 2025 – Randal Kolo Muani (“Yuventus”)
Mart 2025 – Artyom Dovbik (“Roma”)
Aprel 2025 – Skott Maktominey (“Napoli”)


