Xefren Türam “Yuventus”da

Fransanın “Nitsa” klubunun mərkəz yarımmüdafiəçisi Xefren Türam bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Fransalı yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Müqavilənin 5 illik olacağı bildirilir.

Xefren Türam Fransanın “Monako” klubunun yetirməsidir. O, 2019-cu ilin iyul ayından “Nitsa”da forma geyinirdi. 23 yaşlı futbolçu bu komandanın heyətində 167 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Xefren 2023-cü ilin martında əsas millidə də debüt edib. Amma ondan sonra Türama millidə ehtiyac duyulmayıb.

Xatırladaq ki, Xefren “Yuventus”un və Fransa millisinin sabiq üzvü – dünya və Avropa çempionu Lilian Türamın oğludur. Onun qardaşı Markus Türam isə İtaliyanın digər klubu “İnter”də çıxış edir.