“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, əyalət təmsilçiləri arasında Qəbələdə keçirilmiş oyun “İmişli”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bizim üçün çətin durumdur. Vüsal Qənbərov ağır zədə aldı. Bu, komandaya psixoloji cəhətdən mənfi təsir etdi. İlk yarıda bərabər oyun gedirdi. Birinci hissənin sonunda bizə qol lazım idi, onu da vurduq. Fasilədə uşaqlarla söhbət etdik. Bütün oyunçular Vüsalı düşünürdülər. Onlar üçün toparlanmaq çətin idi. Söhbətlərdən sonra futbolçuları oyuna kökləyə bildik və 3 qol vurduq. Daha da çox vura bilərdik. Qələbəyə layiq idik”.
Kaskilya ilk hissədə rəqib qapıçı ilə mübarizə zamanı ayağı qırılmış Vüsal Qənbərovun durumundan da söhbət açıb:
“Ayağında sınıq var. Sınığın nə dərəcədə ciddi olduğunu hələ ki, bilmirik. Tibbi müayinədən sonra dəqiq biləcəyik. Hamımız Vüsalı düşünürük. Bu qələbəni də Vüsal Qənbərova həsr edirik”.
Xorxe Kaskilya komandasının Premyer Liqadakı sürpriz nəticələrindən də danışıb:
“Ötən mövsümlə müqayisədə Premyer Liqada komanda sayı artıb. Bizim məqsədimiz xal saymaq yox, hər oyunda xal qazanmaqdır. Biz sürpriz komaandayıq. Aşağı liqadan gəlsək də, kifayət qədər xal toplaya bilmişik. Texniki məğlubiyyəti saymasaq, komanda olaraq meydanda 15 xal qazanmışıq. Növbəti turda rəqibiniz “Qarabağ” olacaq. Amma “Qarabağ”la matçdan əvvəl kubok oyunumuz var. Bütün diqqətimiz həmin qarşılaşmadadır. Daha sonra “Qarabağ”ı düşünəcəyik. Əlbəttə, “Qarabağ” çox güclüdür, onlarla oyun çətin olacaq”.



