“Bayern”ə qarşı Çempionlar Liqası cavab yarımfial oyunu (2:1) “Real”ın Espanyoldan icarəyə aldığı ispan hücumçu Xoselu üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, mərkəz hücumçusu oyunun 81-ci dəqiqəsində uruqvaylı mərkəz yarımmüdafiəçisi Federiko Valverdeni əvəzləyib və ardınca, iki qol vuraraq (88-ci və 90+1-ci dəqiqələr) “Real”ın qələbəsini təmin edib.
“Squawka” dərgisinin təqdim etdiyi məlumata görə, Xoselu Çempionlar Liqası tarixində yarımfinal mərhələsində əvəzetmədən oyuna daxil olub dübarə fərqlənmiş 3-cü oyunçu olub.
Müvafiq nailliyyətə əvvəllər yalnız, 2019-cu ildə “Barselona” ilə oyunda “Liverpul”un niderlandlı mərkəz yarımmüdafiəçisi Corcinyo Veynaldum (meydanda 45 dəqiqə) və 2022-ci ildə “Mançester Siti” ilə oyunda “Real”ın braziliyalı sağ vingeri Rodriqo (meydanda 52 dəqiqə) imza atıblar. Xoseluya isə “Bayern”ə əncam çəkmək üçün, göründüyü kimi, cəmi 10 dəqiqə kifayət edib.
Xatırladaq ki, Münhendəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Real”, Madriddəki cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, mötəbər yarışın finalına yüksəlib.
Beləliklə, Çempionlar Liqasının finalına yüksəlmiş “Real” həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.
Xoselu ötən il iyulun əvvəlində icarə əsasında “Espanyol”dan “Real”a keçib. “Kral klubu” cari mövsümün sonunda Xoselunu transfer etmək hüququna malikdir.
Cari mövsümdə Xoselu “Real”ın heyətində bütün yarışlarda 46 oyuna çıxıb. O, bu oyunlarda 16 qol vurub, 3 məhsuldar ötürmə verib.
Xoselunun qənimətlər muzeyində klub səviyyəsində qazandığı iki qənimət var. Bunlar da “Real”la qalibi olduğu cari mövsümün İspaniya Super Kuboku və İspaniya La Liqasıdır.
Xoselu 2023-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyuna 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu 2023 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


