“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Leypsiq”in xorvat müdafiəçisi Yoşko Qvardiolun transferi haqda danışıb.
Arena.az bu barədə “Mançester Siti”nin rəsmi “Twitter” hesabına istinadən məlumat verir.
Məlumata görə, Pep Yoşko Qvardiolun transferi üçün aparılan danışıqların gedişindən danışıb və tezliklə müqavilənin bağlanacağına ümid etdiyini bildirib. İspan mütəxəssis özünün xorvat müdafiəçi ilə soyadının uyğun səslənməsini də qiymətləndirib:
“Qvardiol? Onun nə möcüzəli soyadı var! O, tibbi müayinədən keçir. Onun burada olduğunu artıq hamı bilir. Bir neçə saat və ya gün ərzində müqaviləni bağlaya biləcəyimizə ümidvaram”, deyə Qvardiola bildirib.
Daha əvvəl “Mançester Siti”nin “Leypsiq”lə Yoşko Qvardiolanın transferi ilə bağlı razılığa gəldiyi məlum olub. “Şəhərlilər” xorvat mərkəz müdafiəçisi üçün 90 milyon avro, üstəgəl 10 milyon avro bonus ödəyəcəklər. Bu, Qvardiolu tarixin ən bahalı müdafiə xətti oyunçusuna çevirəcək.


