Xviça Kvaratxseliya AÇ-2024-dən sonra qərar verəcək

Gürcüstan millisinin və “Napoli”nin vingeri Xviça Kvaratsxeliya Neapol klubundakı gələcəyi ilə bağlı nə vaxt qərar verəcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, o, Almaniyada təşkil olunmuş Avropa çempionatının 1-ci turunda Türkiyə millisi ilə oyundakı məğlubiyyətdən (1:3) sonra bunları söyləyib:

“Avropa çempionatından sonra gələcəyimlə bağlı qərar verəcəyəm. Sadəcə, komandama kömək etmək üçün meydanda əlimdə olan hər şeyi vermək istəyirəm. İnsanların dediklərini düşünmürəm, mən diqqətimi yüz faiz yalnız Gürcüstan millisinə yönəltmişəm”, deyə “Kvara” vurğulayıb.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 30 oyuna 15 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: